İQTİSADİYYAT
"Azexport" portalı "VISA International" şirkəti ilə əməkdaşlığa başlayıb YENİLƏNİB
Bakı, 7 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə "VISA International" şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum Azərbaycanda rəqəmsal və nağdsız ödənişlərin inkişaf etdirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, "VISA International" şirkətinin digər ölkələrdə tətbiq etdiyi yeniliklərin Azərbaycana gətirilməsi, onlayn ticarətlə məşğul olmaq istəyən sahibkarlar üçün "merchant" hesabların açılmasının sadələşdirilməsi, "Apple Pay", "Samsung Pay" və "Google Pay" ödəniş sistemlərinin işinin təmin edilməsi üçün zəruri platformanın hazırlanması kimi məsələlərə dair işbirliyini nəzərdə tutur.
"Azexport" portalının rəhbəri Zaur Qardaşov bildirib ki, "VISA International" şirkəti ilə imzalanan memorandum Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrasına əhəmiyyətli töhfə verəcək: "Biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını şərtləndirən elektron kommersiya mühitinin yaxşılaşdırılması, rəqəmsal ödəniş platformalarının əlçatanlığı və "VISA"nın məlumatlar bazasına əsaslanan biznes analitika həllərinin hazırlanması və tətbiqində maraqlıyıq. "VISA International" şirkəti ilə imzalanan memorandum vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş əhatəsinin xeyli genişlənməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi üçün etibarlı tərəfdaşlıq məqsədi daşıyır. Güman edirik ki, şirkətin bu sahədə mövcud qabaqcıl texnologiyalarının tətbiqi faydalı olacaq".
"VISA International" şirkətinin nümayəndələri İİTKM ilə imzalanan memorandum çərçivəsində elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisinin artacağını, elektron ticarətin həcminin böyüyəcəyini diqqətə çatdırıblar.