İQTİSADİYYAT
"Azexport.az" portalı və Baku E-Commerce Academy "Amazonla qazan" təlim proqramına başlayıb
Bakı, 25 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portal Baku E-Commerce Academy ilə birlikdə "Amazonla qazan" təlimlərinə start verib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim kurslarında iştirakçılara "Amazon" portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, "Alibaba" və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların "Amazon"un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkanlarından istifadə, beynəlxalq logistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcək. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya "Amazon" hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək.
Təlimin əsas aparıcısı, "Azexport" portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vurmuş insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.
Qeyd edək ki, təlimi uğurla başa vurmuş şəxslər 2 fərqli fəaliyyət istiqaməti üzrə iş imkanı əldə edəcəklər:
- yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək,
-"Baku E- Commerce Academy" komandasına qoşularaq birgə fəaliyyət göstərmək.
Treninqdə digər təlimçilər "Azexport.az" portalının meneceri Ayxan Qədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovdur.
Noyabrın 1-dən etibarən 3 ay müddətində davam edəcək təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər.
Qeyd edək ki, təlimdə iştirakçı sayı məhduddur. Bu il yanvarın 1-dək "Azexport.az" portalında qeydiyyatdan keçmiş və məhsullarını portala yerləşdirmiş şirkət nümayəndələrinə təlim ödənişsizdir.
Təlimdə iştirak etmək istəyənlər "Azexport" portalının meneceri Ayxan Qədəşova müraciət edə bilərlər. (Tel: 521 34 94: 050 295 86 87).