İQTİSADİYYAT
"Azexport.az" portalı və "Baku E-Commerce Academy" "Amazonla qazan" təliminə başlayıb
Bakı, 2 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı "Baku E-Commerce Academy" ilə birlikdə "Amazonla qazan" təlimlərinə start verib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, "Azexport" portalının rəhbəri Zaur Qardaşov təlimin yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsət olduğunu bildirib. Qeyd edib ki, bu tipli təlimləri uğurla başa vuran insanlar hazırda rəqabətə davamlı sabit gəlir əldə edirlər.
On beşdən artıq iştirakçının olduğu təlim kurslarında "Amazon" portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, "Alibaba" və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların "Amazon"un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkanlarından istifadə, beynəlxalq logistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcək.
Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya "Amazon" hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək. Bütün bu mövzular barədə təlim iştirakçılarını xarici mütəxəssislər – "Amazon" portalının e-commers üzrə eksperti Mohamed Es Fin, "Alibaba.com" portalının e-commerce üzrə eksperti Gilly Li, ITC-nin (Beynəlxalq Ticarət Mərkəzi) ekspertləri Çeyk Tidiane Diop, Budhi Pangestu və Eldar Adilzadə məlumatlandıracaqlar.
"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov, meneceri Ayxan Qədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovun əsas moderatoru olduğu treninq 3 ay müddətində davam edəcək. Təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər. Təlimi uğurla başa vuran iştirakçılar yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək, "Baku E- Commerce Academy" komandasına qoşularaq birgə fəaliyyət göstərmək şansı əldə edirlər.