İQTİSADİYYAT
"Azexport.az"a ixrac sifarişi daxil olan ölkələrin siyahısında Rusiya liderdir
Bakı, 21 iyun, AZƏRTAC
Bu ilin 5 ayı ərzində "Azexport.az" portalına ixrac sifarişi daxil olan ölkələrin siyahısına Rusiya Federasiyası başçılıq edir.
AZƏRTAC bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın iyun ayı üçün sayına istinadla xəbər verir.
İcmalda qeyd edilir ki, ötən müddətdə daxil olan ixrac sifarişlərini təhlil etdikdə aydın olur ki, Rusiyadan qeyri-neft sektoruna aid müxtəlif Azərbaycan məhsullarına - fındıq ləpəsi, konyak, yerkökü, meyvə şirəsi, sarı soğan, şərab, alma, çay, feyxoa cemi, mahlıc, pambıq yağı, kosmetik vasitələr, albalı konsentratı, tibbi tənzif, meyvə tamlı süd, göbələk və s. sifarişlər daxil olub.
"Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin 15 faizinin bu ölkənin payına düşməsinin əsas səbəblərindən biri də tarixən Azərbaycan məhsullarına Rusiyada tələbatın böyük olmasından qaynaqlanır. Bu isə onu göstərir ki, "Made in Azerbaijan" brendi Rusiyada kifayət qədər müsbət imicə malikdir.