İQTİSADİYYAT
"Azfinance İnvest İnvestisiya Şirkəti" 9 şirkətin səhmlərinin market-meykerliyinə başlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
"AzFinance İnvestisiya Şirkəti" QSC sentyabrın 19-dan etibarən "Cənubtikintiservis" ASC, "Bakı ixtisaslaşdırılmış mexanizasiya-7" ASC, "Bakı Tikinti materialları" ASC, "Bakıinşaatsənaye" ASC, "AZENCO" ASC, "Sumqayıt çörək" ASC, "Savalan" ASC, "Avro-Asiya inşaat korporasiyası EVRASCON" ASC və "Dərnəgülsənayetikinti" ASC-nin səhmlərinin Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayacaq.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, BFB-nin idarə heyətinin qərarına əsasən, sözügedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 min manat, alış–satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5 faiz müəyyən edilib.
BFB-nin ticarət qaydalarına əsasən, market meyker gündəlik olaraq Bakı Fond Birjasında üzərinə götürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hazırda BFB-də market meyker tərəfindən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari.