İDMAN


"Əziz Şuşa” beynəlxalq velosiped yarışının marşrutu açıqlanıb

Bakı, 19 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda dünyanın 16-dək ölkəsindən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər.

İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2, ertəsi gün Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, ayın 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkınadək 102,9, iyunun 11-də isə Beyləqandan Şuşayadək 134,9 kilometr məsafədə yarışacaqlar.

Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən, velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.