İQTİSADİYYAT


Elektron ticarətin inkişafı üzrə Milli Strategiya hazırlanır YENİLƏNİB

Bakı, 25 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunub.

Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə forum iştirakçıları sərgiyə baxış keçirib.

Daha sonra forumda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbirin təşkilində göstərdikləri dəstəyə görə Avropa İttifaqına və BMT-nin Ticarət və İnkişaf Konfransına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Nazir son illər Azərbaycanda elektron ticarətin inkişafı istiqamətində ciddi addımlar atıldığını və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron ticarətin fəaliyyətini təmin edən rəqəmli ekosistemin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

"Hazırda Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir. Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçt daşımaları infrastrukturunun yaradılmasına ciddi diqqət yetirilir. Azərbaycan poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihəyə əsasən, Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və "Azərpoçt" tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları "Silk Way" aviaşirkəti vasitəsilə həyata keçirilir. Sürətli daşımalarda xüsusi rolu olan mülki aviasiya sahəsi də ölkəmizdə sürətlə inkişaf edir, müasir rəqabət şərtlərinə uyğunlaşır", - deyə nazir diqqətə çatdırıb.

Hazırda "Azərpoçt"un 1180-ə yaxın filial və şöbəsinin maliyyə xidmətləri göstərdiyini deyən nazir elektron ticarət iştirakçılarının nazirlik tərəfindən yaradılan "Şəbəkə" mərkəzlərinin xidmətlərindən də istifadə edə biləcəyini qeyd edib.

R.Quluzadə ölkədə elektron ticarət əməliyyatlarında elektron imzanın istifadəsini önə çəkib: "Nazirlik tərəfindən qurulmuş Milli Sertifikasiya Xidmətləri Mərkəzinin tərkibində "Elektron hökumət Mərkəzi" və "Hakimiyyət Orqanları Mərkəzi" yaradılıb. Elektron Hökumət Mərkəzi hakimiyyət orqanları ilə münasibətləri təmin etmək üçün biznes sektoruna və vətəndaşlara gücləndirilmiş elektron imza sertifikatları verir".

Nazir ölkəmizdə rəqəmsal ödənişin keyfiyyətini və tətbiqini genişləndirmək, infrastruktur imkanlarını artırmaq üçün aidiyyəti qurumları, bank sektorunu, e-ödəmə sistemi operatorlarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin xidmətlərindən istifadəyə dəvət edib. Bildirib ki, beynəlxalq araşdırmalara əsasən rəqəmsal iqtisadiyyatın innovativ inkişafı məhz bulud texnologiyalarının bütün sahələrdə tətbiqi ilə bağlıdır. Buna görə də Elektron ticarət mühitində istehlakçıların fərdi məlumatlarının qorunması və alqı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdəndir. Bu sahədə nazirliyin Elektron Təhlükəsizlik Xidməti mühüm tədbirlər görür. Nazirliyin "Yüksək Texnologiyalar Parkı"nda elektron ticarətlə bağlı təşəbbüslərin reallaşdırılmasına dəstək göstərilir. Həmçinin nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən e-ticarətlə bağlı layihələrə güzəştli kreditlər və qrantlar verilir.

R.Quluzadə elektron ticarətin inkişafı sahəsində görüləcək işlərin strateji xəttini müəyyən edən Milli Strategiyanın hazırlanmasının zəruriliyini qeyd edib. O, bu baxımdan Bakı Elektron Ticarət Forumunun əhəmiyyətini vurğulayıb.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fateh Sayan elektron ticarətin inkişafında "İnternetin əşyaları", 5G texnologiyalarının inkişaf etdirilməsinin önəmini qeyd edib. Rəqəmli ödənişlər üzrə elektron ticarət strategiyasının formalaşdırılmasının zəruri olduğunu vurğulayan nazir müavini Türkiyədə son zamanlar elektron ticarətin inkişafı üçün qlobal platformalar yaradıldığını deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təhsil mexanizminin düzgün qurulmasının elektron ticarətə verə biləcəyi töhfələrdən danışıb. O, regionda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən virtual pul vahidi emissiya edilə biləcəyini diqqətə çatdırıb. "Unicoyen" adlandırılan pul vahidinin ilk nümunəsinin forum çərçivəsində qiymətləndirilməsi üçün Dünya Ticarət Təşkilatının nümayəndəsinə təqdim olunub.

Dünya Ticarət Təşkilatının, Ümumdünya Poçt İttifaqının nümayəndələri, dünya elektron ticarət bazarındakı tendensiyalardan danışıb, bu istiqamətdə müsbət nəticələr əldə etmək üçün müəyyən olunmuş standartlar barədə ətraflı məlumat veriblər. Onlar Azərbaycanda elektron ticarət mexanizminin inkişafı üçün bütün zəruri infrastrukturun mövcudluğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.