İQTİSADİYYAT
"Bakutel" çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək
Bakı, 3 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İKT üzrə nazirlərinin toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Bakutel-2018" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekabr ayının sonunadək bu qurumda İKT sahəsinə sədrlik edir. "Bakutel" sərgisinin rəsmi açılışından sonra burada İKT nazirlərinin toplantısı keçiriləcək. Toplantıda Qara dəniz hövzəsində yerləşən ölkələrin İKT ilə bağlı müzakirələri aparılacaq.