İQTİSADİYYAT
"Bank VTB (Azərbaycan)"ın "Azadlıq" filialı uzadılmış iş qrafikində fəaliyyətini davam etdirəcək
Bakı, 1 sentyabr, AZƏRTAC
Müştərilərinin rahatlığı və xidmət səviyyəsinin artırılması məqsədilə "Bank VTB (Azərbaycan)" paytaxtdakı "Azadlıq" filialının uzadılmış iş qrafikində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, vacib amil kimi tədris ilinin başlanması və bununla əlaqədar yollarda yaranan sıxlıq nəticəsində müştərilərin bank əməliyyatlarını adi iş qrafiki çərçivəsində həyata keçirməkdə çətinlik çəkəcəyi nəzərə alınıb. Bankın qərarına əsasən, "Azadlıq" filialı bazar ertəsindən cüməyə qədər saat 9:00–dan 21:00 kimi, şənbə günləri – saat 10:00–dan 19:00 kimi müştərilərinə xidmət göstərməyə davam edəcək.
Uzadılmış iş qrafiki müştərilərə kredit borcunun ödənilməsi, valyuta mübadiləsi, sürətli pul köçürmə sistemləri vasitəsilə pul göndərmək və almaq, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartın sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların alınması, kredit sifarişlərinin qəbulu və məsləhətlər kimi xidmətlərdən onlar üçün rahat olan vaxtda istifadə etmək imkanı verir.
"Bank VTB (Azərbaycan)"ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib ki, iş qrafikinin uzadılması banka müasir tələblərə cavab verməyə imkan yaradır. Təcrübəmiz sübut etdi ki, filialın iş qrafikinin artırılması barədə qərar düzgün addım idi. Axşam saatlarında və şənbə günlərində istər fiziki, istər hüquqi şəxslər tərəfindən bank xidmətlərinə böyük tələbatın olduğunu müşahidə etdik. Bundan sonra da bank əməliyyatlarını vaxtında yerinə yetirmək üçün müştərilərimizə işdən icazə almağa ehtiyac olmayacaq.
Qeyd edək ki, "Azadlıq" filialı Azadlıq prospekti, 92 ünvanında, Nəsimi bazarının yanında yerləşir.