İQTİSADİYYAT
"Blockchain" əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı tədbir olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Mərkəzi Bankda "Blockchain" əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı tədbir keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"inin prioritetlərindən biri olan rəqəmsal bankçılığın genişləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlayıb. Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanıb və plan üzrə işlərin realizasiyasına start verilib. Bu sahədə aparılan işlərin davamı olaraq, Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə müvafiq görüşlər keçirilib.
Görüşlər zamanı "Blockchain" texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilib, "Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya", "Rəqəmsal identifikasiyanın tətbiq sahələri", "Öz müştərini tanı siyasəti" mövzularında müvafiq təqdimatlar nümayiş etdirilib və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılıb.
Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.