İDMAN
"Böyük dəbilqə" turniri: daha bir cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq
Bakı, 12 may, Leyla Qurbanova, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə daha bir idmançımız qızıl medala iddialıdır.
AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) yarımfinalda macarıstanlı Kristian Tothu məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda serbiyalı Nemanja Majdovla mübarizə aparacaq.
Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda döyüşəcək. Həlledici qarşılaşmada onun rəqibi monqolustanlı Ottonbator Lxaqvasurend olacaq.
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) da üçüncü yer uğrunda mübarizə aparacaq. Təmsilçimiz bürünc medal qazanmaq üçün belaruslu Marina Slutska qalib gəlməlidir.
Qeyd edək ki, cüdoçularımız "Böyük dəbilqə" turnirində biri qızıl, biri gümüş, ikisi bürünc olmaqla dörd medal qazanıblar. Azərbaycan komandası bu nəticə ilə Yaponiya və Braziliya yığmalarından sonra üçüncü pillədə qərarlaşıb.
Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.