İQTİSADİYYAT
"Caspi Marine Technologies" şirkəti Qazaxıstana 5 ton sənaye boyasının ixracına dair sifariş alıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanın "Caspi Marine Technologies" şirkəti Qazaxıstana 5 ton sənaye boyasının ixracına dair sifariş alıb və əməkdaşlığın genişləndirilməsi üçün danışıqlara başlanılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın 19 yerli şirkətinin nümayəndələrindən ibarət ixrac missiyasının Qazaxıstana səfəri başa çatıb. AZPROMO-nun təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada və Almatı şəhərində Azərbaycan şirkətləri ilə Qazaxıstanın iri distribüter şirkətləri arasında ikitərəfli görüşlər keçirilib, Azərbaycan məhsullarının Qazaxıstana ixracı məsələləri müzakirə edilib. Danışıqlar zamanı Qazaxıstan şirkətləri tərəfindən Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstərilib.
İkitərəfli görüşlərin nəticəsi olaraq, Azərbaycan istehsalı olan limonadın və Naftalan məlhəminin (mazının) Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edib.
Astanada keçirilən görüşlərdə Azərbaycanın Mars FK və D-Fruits şirkəti ilə Qazaxıstanın "Best Fruit Plus" şirkəti arasında Azərbaycanda istehsal olunan meyvələrin Qazaxıstana ixracına dair ilkin razılaşma əldə olunub.