İQTİSADİYYAT
"Caspian Development Bank"ın şəhadətnaməsi ləğv edilib
Bakı, 10 iyun, AZƏRTAC
2015-ci il fevralın 4-də 44 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna üzv olan "Caspian Development Bank" (CDB) ASC Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib.
AZƏRTAC Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, "AtaBank" ASC 1992-ci il dekabrın 21-də 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış "Caspian Development Bank" (CDB) ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib.
Bununla da Fonda üzv bankların sayı 31 olub.
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.