ELM VƏ TƏHSİL
“Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib
Bakı, 26 aprel, Şahnaz Abdullayeva, AZƏRTAC
Aprelin 26-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd davamlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin yeniləşməsində və inkişafında elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri təbliğ etməkdir.
Konfransı açan akademiyanın rektoru, professor Hüseyn Qaraşov Dayanıqlı İnkişaf Məqsədlərindən, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamların əhəmiyyətindən, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi və nəzəri-fəlsəfi mahiyyəti”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Davamlı inkişaf və ətraf mühitin mühafizəsi”, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev “Davamlı iqtisadiyyatda klasterlərin rolu”, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri, BMT-nin Qlobal Saziş Proqramının Azərbaycan üzrə nümayəndəsi, fəlsəfə doktoru Xəyalə Məmmədova “BMT qlobal saziş: dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans öz işini panellərlə davam etdirib.
“Dayanıqlı inkişafın iqtisadi və hüquqi aspektləri” mövzusunda paneldə iqtisadi artımın təmin edilməsində dayanıqlı inkişafın sosial-iqtisadi aspektlərindən, əhalinin həyat səviyyəsinin yüksəldilməsi yollarından, səmərəli aqrobiznesin təşkilini şərtləndirən amillərdən, insan hüquqlarının müdafiəsi üçün dayanıqlı inkişaf prosesində ölkədə aparılan hüquqi islahatlardan danışılıb.
Davamlı inkişaf və iqtisadiyyatda gender paradiqması, informasiya cəmiyyətinin dünya sivilizasiyasının inkişafında yeri, məişət zorakılığına qarşı mübarizə sahəsində sosial işin əsas istiqamətləri, Azərbaycanda kənd əhalisinin yaş strukturunu formalaşdıran demoqrafik amillər kimi mövzular “Davamlı inkişafda insan amili, sosiomədəni və ekoloji aspektlər” panelində müzakirə olunub.
“Davamlı inkişaf problemlərinin həllində həmkarlar ittifaqlarının və sosial institutların rolu” mövzusunda çıxışları əhatə edən paneldə müvafiq sahədə multikultural dəyərlərin rolundan, korporativ sosial məsuliyyət vasitəsilə sosial rifaha nail olmaqdan, müasir dövrdə əmək ehtiyatları problemindən bəhs olunub.
Ümumilikdə panel müzakirələrində 5 xarici dövlətin, Azərbaycanın 29 elm və təhsil müəssisəsinin 86 nümayəndəsi çıxış edib, maraqlı təkliflər irəli sürülüb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.