CƏMİYYƏT
“Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik” mövzusunda videokonfrans keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
1998-ci ildən etibarən, hər il avqustun 12-si gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 1999-cu il dekabrın 17-də BMT Baş Assambleyasının 54/120 saylı qətnaməsinə əsasən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar avqustun 12-də BMT-nin Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik” mövzusunda videokonfrans təşkil edilib.
Görüşdə DİM-in koordinatorları və Azərbaycan, Rusiya, Qırğızıstandan gənc səfirləri, Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurasının sədri Qriqori Petuşkov, Moskvadakı BMT İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Rusiya BMT Yardım Assosiasiyası sədrinin birinci müavini Aleksey Borisov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, BMT Baş katibi yanında İqlim Problemləri üzrə gənclər məşvərət qrupunun üzvü Vladislav Kaim iştirak ediblər.
Azərbaycanda DİM-in gənc səfirlərinin yaradıcılarından olan Məzahir Əfəndiyev görüşdə iştirak edən bütün gənc səfirləri təbrik edib, Azərbaycanda və ümumiyyətlə bütün dünyada DİM-lərin təbliğ olunmasında gənclərin əhəmiyyətli rolunu vurğulayaraq deyib: “Ölkəmizdə BMT-nin “2030-cu il inkişaf gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün vacib addımlar atılır. Son dövrlər qəbul olunan dövlət proqramlarında da DİM-ə nail olunması prioritet istiqamət kimi nəzərə alınmaqdadır”.
Qeyd edək ki, görüşdə Azərbaycanı DİM-in gənc səfirləri 3-cü məqsəd - sağlamlıq və rifah üzrə Aygün Talıbova və 10-cu məqsəd - bərabərsizliyin azaldılması üzrə Ayan İsmayılova təmsil ediblər.
Sonda müzakirələrə qoşulan iştirakçılar iş təcrübələrini bölüşüblər, fərdi və DİM-lərin yerli və milli səviyyələrdə həyata keçirilməsində bir DİM səfiri kimi təcrübələrini təqdim ediblər və onları maraqlandıran suallar cavablandırılıb.
Bu gün gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqət gənclər sahəsində həyata keçirilən əsas prioritetlərdən sayılır. Buna görə də təsadüfi deyil ki, 2020-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Könüllülər İli” elan olunub.