CƏMİYYƏT
"Diaqnostik ultrasəsdə yeni era" başlayır
Bakı, 6 iyul, AZƏRTAC
Bakıda "Diaqnostik ultrasəsdə yeni era" adlı beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 6-da öz işinə start verən bu mötəbər konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı əcnəbi həkimlər də iştirak edir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHT) təşkilati dəstəyi, "Arash Medical Company" və "Canon Medical Systems"in sponsorluğu ilə keçirilən tədbirə Almaniya, Hollandiya, Portuqaliya və digər ölkələrdən dəvət olunan 200-dən çox qonaq qatılıb.
Tədbirin əsas məqsədi yeni nəsil ultrasəs aparatları, onların üstünlükləri, fayda və imkanları haqqında geniş məlumat verməkdən, fikir və təcrübə mübadiləsi etməkdən ibarətdir.
Tədbiri giriş sözü ilə açan ADHT-nin prorektoru, dosent Təyyar Eyvazov bu mötəbər konfransın əhəmiyyətindən, Azərbaycanın ümumdünya səhiyyə sistemindəki mövqeyindən və bu mövqeyin qorunub saxlanılması üçün səhiyyəmizin günü-gündən inkişaf etməsindən, bu yöndə tibbi diaqnostikanın da etibarlılığının mühüm amil olmasından söz açıb. Sonra kürsüyə dəvət alan əcnəbi mütəxəssislər - doktor Vesam İbrahim (Hollandiya), doktor Horst Kinkel (Almaniya), doktor Jader Kruz (Portuqaliya) və başqaları "Yeni üstün vasitələr", " Fokal qaraciyər törəmələrinin xarakterizə olunması", müntəzəm müayinələrdə "Super mikrovascular imaging" mövzusundakı məruzələri ilə konfrans iştirakçılarının marağına səbəb oldular.
Daha sonra "Canon Medical Systems" şirkətinin tədqiqatlara dəstək üzrə qlobal meneceri Minoru Aoki (Yaponiya) Azərbaycanda istifadə olunan müasir tibbi avadanlıqlar və həmin avadanlıqlardan istifadə edən həkim heyətinin peşəkarlaşması yolunda atılan ciddi addımlardan danışıb.
Fasilədən sonra qonaqlar foyedə sərgilənən yeni innovativ tibbi avadanlıqlar, cihaz və alətlərlə tanış olublar.
Yeri gəlmişkən qeyd edək ki, "Arash Medical Company" Azərbaycanda innovativ tibbi avadanlıqların idxalı, satışı və satışdan sonrakı texniki servisi həyata keçirən, öz qüsursuz işi ilə fərqlənən bir şirkətdir.