İQTİSADİYYAT


"Dubai Parks and Resorts" – nağıllar aləminə səyahət!

Bakı, 26 may, Emil Eyyubov, AZƏRTAC

Biz son bir ildə Dubayın turizm həyatında baş verən bir sıra yeniliklərdən artıq sizə danışmışıq. Nəhayət ki, "Dubai Parks and Resorts" adlı regionda ən iri əyləncə parkları kompleksinin nağıllar aləminə baş vurmaq vaxtı gəlib çatdı. Üç tematik parkdan, akvaparkdan və oteldən ibarət olan kompleks 284 hektardan çox ərazidə yerləşir. Yüzdən artıq attraksionu olan "Dubai Parks and Resorts"u mübaliğəsiz olaraq şəhərdə şəhər adlandırmaq olar: kompleksin özünün evləri, küçələri, körpüləri, avtobuslar şütüyən yolları, süni şəkildə yaradılmış nəhəng çayı, onlarca mağaza və kafesi var. Təkcə bu kompleksi görmək üçün Dubaya ayrıca səfər etməyə dəyər. Biz isə səfərimiz üçün ayrılan tam olmayan iki gün ərzində özümüz üçün xeyli maraqlı kəşflər etdik və indi də təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik!

Lapita və ya macəralar adası

"Dubai Parks and Resorts"a gedib çatmaq çətin deyil: kompleks fəal inkişaf edən "Jebel Ali" rayonunda, Dubay və Əbu-Dabi beynəlxalq aeroportlarından eyni məsafədə, "Sheik Zayed Road" əsas nəqliyyat magistralının yaxınlığında yerləşir. Dubayın mərkəzindən kompleksə məsafə təqribən 47 kilometrdir. Bu yolu metronun "İbn Battuta" stansiyasından saat 7:00-dan 23:15-dək işləyən RTA ekspress avtobusu ilə qət etmək olar. Yolumuz təqribən yarım saat çəkir. Bundan əlavə, Dubay Beynəlxalq Aeroportundan pullu transferlər, bəzi otel və ticarət mərkəzlərindən pulsuz şattllar təşkil edilir. Otel və ticarət mərkəzlərinin siyahısı, habelə avtobusların cədvəli www.dubaiparksandresorts.com saytında yerləşdirilib.

Tikintisinə 13,3 milyard dirhəm sərmayə yatırılan "Dubai Parks and Resorts" kompleksi regionda bir növ ilk inteqrasiya edilmiş kurortdur. Əyləncə, otel və ticarət-restoran zonalarının bir məkanda yerləşdiyi kompleks 3 tematik parkı əhatə edir: Hollivudun aparıcı "DreamWorks Animation", "Columbia Pictures", o cümlədən "Smurfs" и "Lionsgate" kinostudiyalarının personajlarına həsr olunmuş "MOTIONGATE™ Dubai"; attraksionları Bollivud dünyasına həsr olunmuş ilk ailəvi tematik park – "BOLLYWOOD PARKS™ Dubai"; LEGO® fiqurlarından yaradılan konstruksiyaların canlandırıldığı digər ailəvi unikal interaktiv park – "LEGOLAND® Dubai". Kompleksin ərazisində yaradılan regionda ilk su parkı da LEGO® mövzusuna həsr olunub. Bu park 2 yaşından 12 yaşınadək uşaqları olan ailələr üçün nəzərdə tutulub.

Bütün tematik parklar enli çay boyunca uzanan "Riverland™ Dubai" ticarət-restoran zonasında bir araya gəlir. Çayda qayıqla gəzinti sifariş etmək olar. Sahil zonasında Avropa şəhərləri üslubunda binalardan ibarət bütöv məhəllələr ucaldılıb. Bu binaların aşağı mərtəbələrində 50-dən çox mağaza, kafe və restoran yerləşir.

"Dubai Parks and Resorts"a səfər planlaşdırırsınızsa, buna ən azı iki gün, yaxşı olar, 3-4 gün vaxt ayırmağı məsləhət görürük, çünki bura gələn geri qayıtmaq istəməz, xüsusən də ilk dəfə gələnlər! Odur ki, harada gecələyəcəyiniz barədə qabaqcadan düşünməlisiniz. Nə yaxşı ki, kompleksin ərazisində "Lapita™ Hotel" oteli yerləşir. Polineziya üslubunda yaradılan bu ailəvi otel-kurort "Marriott Autograph Collection" şəbəkəsinə daxildir. Biz də gələn kimi elə ora yollandıq.

Bütün kurort-otellərdə olduğu kimi, burada da nömrələr bir çoxmərtəbəli binada deyil, yaşıllığa, gül-çiçəyə qərq olmuş bir neçə ikimərtəbəli rahat korpusda yerləşir. "Lapita" termini Polineziya adalarının qədim mədəniyyətini əks etdirir. Otelin ərazisində nə varsa, hamısı bu adalarda yaşayan aborigenlərin sadə məişətinə uyğun şəkildə təqdim edilib: küləşlə örtülmüş damlar, sərt vişlə bağlanmış taxta karkaslar, oyma naxışlar, totemlər, maskalarla bəzədilmiş ağac kötükləri və s. Geniş nömrələrdə Taiti sakinləri üçün səciyyəvi olan gülbəndlər və küləş yubkalar qoyulub. Bunlar müsafirlərə otelin hədiyyəsidir.

Otaqların tərtibatında taxta və daş kimi təbii materiallar müasir bəzək işləri ilə çox uğurlu harmoniya yaradır və bu tərz əla təəssürat yaradır. Nömrələrin eyvanlarında dincəlmək və ətrafdan zövq almaq üçün masa və kreslolar qoyulub. "Lapita" oteli ötən il açıldığına görə, nömrələrdə mebel və ləvazimat ideal vəziyyətdədir.

Kurortun ərazisində isitmə sistemi olan bir neçə açıq hovuz var. Beş restoran müxtəlif xalqların mətbəxlərindən yeməklər, spa və fitnes mərkəzləri tonusu saxlamaq üçün prosedurlar təklif edir. Yaşayış korpusları, restoranlar və resepşin binası arasında pulsuz avtomobillər hərəkət edir. Otelin bir neçə addımlığında tematik parklar və akvapark yerləşir.

LEGO® üslubunda əyləncə

Otelin ərazisindən çıxıb tanış olduğumuz ilk əyləncə zonası "Riverland™ Dubai"dir. Bu zona üzərindən körpülər salınmış süni çayın hər iki sahilində cərgə ilə düzülən kafe və mağazalardan ibarətdir. Daş döşənmiş küçələr və klassik üslubda inşa edilmiş binalar Avropa şəhərlərinin atmosferini yaradır. Zonaya giriş pulsuzdur. "Çay boyunca yerləşən ölkədə" gəzişə-gəzişə bir də görürsünüz ki, üç tematik parkdan birinin – "LEGOLAND® Dubai"nin qapısındasınız. "LEGOLAND® Dubai" Yaxın Şərqdə bütünlüklə LEGO® konstruktoruna həsr olunmuş ilk parkdır. Bu ailəvi kompleksdə müsafirləri 40-dan çox Amerika təpəciyi, interaktiv attraksionlar və müxtəlif tamaşalar, habelə 60 milyon LEGO® fiqurundan quraşdırılmış 15 min konstruksiya gözləyir.

"LEGOLAND® Dubai"yə birgünlük biletin qiyməti 235 dirhəmdir (63 dollar). Biletləri www.legoland.ae saytında da sifariş etmək olar.

İlk növbədə uşaqların xoşuna gələcək bu park hər biri unikal attraksionlar və əyləncələr təklif edən altı tematik zonaya ayrılıb. Məsələn, "Lego City"də uşaqları maraqlı oyunlar və öyrədici məşğələlər gözləyir. "Kingdoms"da balaca cəngavərlər və şahzadə qızlar "əjdaha belində uçaraq" Orta əsrlərə səyahət edə bilərlər. Bu, sürətini saatda 60 kilometrə çatdıran başgicəlləndirici "Dragon Coaster" təpəciyidir. LEGO® fanatları "Imagination" zonasında "Tik və sınaqdan keçirt" attraksionunun maşınlarında gəzə və ya regionda yeganə "Lego Studios 4D" kinoteatrına gedib 4D formatında qısametrajlı LEGO® filmlərinə baxa, gənc tədqiqatçılar isə "Adventure" zonasında "LEGO®" sualtı qayığında üzüb dəniz sakinlərinin həyatını öyrənə bilərlər. Parkın düz mərkəzində 20 milyon LEGO® fiqurundan Dubayın və Yaxın Şərqdəki digər şəhərlərin əsas görməli yerlərinin quraşdırıldığı "Miniland" zonası yerləşir. Məsələn, burada dünyanın ən hündür binasının – Bürc Xəlifənin miniatür sürəti yaradılıb. Yeri gəlmişkən, miniatür Bürc Xəlifə də dünyada LEGO® fiqurlarından quraşdırılan ən uca modeldir.

Nəhayət, "Factory" zonasında LEGO® fiqurlarının necə hazırlandığına tamaşa etmək və bu prosesdə şəxsən iştirak etmək olar. Burada uşaqlar geniş çeşiddə LEGO® fiqurlarından istənilən ölçü, forma və rəngdə konstruksiyalar quraşdıraraq fantaziyalarını işə sala bilərlər. Yeri gəlmişkən, hər bir zonada LEGO® konstruksiyaları qurmaq imkanı yaradılıb. Parkda qəlyanaltı etmək üçün 9 köşk fəaliyyət göstərir

Bu tematik parka bitişik "LEGOLAND® Water Park" akvaparkı da LEGO® mövzusunu davam etdirir. "Dubai Parks and Resorts"da hələlik yeganə olan bu akvaparkda uşaqlar su təpəciklərində oynaya bilərlər. Park 20 su təpəciyi və attraksion təklif edir. Uşaqlara və böyüklərə yumşaq LEGO® fiqurlarından raftinq üçün qayıq quraşdırmağı və ətrafa gözəl mənzərə açılan "tənbəl" çay boyunca həmin qayıqda üzməyi təklif edən populyar "Çayda raft tik" attraksionu da onlar arasındadır.

Akvaparkda suyun temperaturu daim müsbət 27-30 dərəcə səviyyəsində saxlanılır ki, müsafirlər ilboyu özlərini rahat hiss etsinlər.

Akvaparka getmək üçün ayrıca bilet almaq lazımdır. Burada da adambaşına biletin qiyməti 235 dirhəmdir. Əgər siz iki parka ("LEGOLAND® Dubai" və "LEGOLAND® Water Park") bilet alsanız, əməlli-başlı qənaət edərsiniz, çünki ümumi bilet sizə cəmi 285 dirhəmə (77 dollar) başa gələcək.

Böyük kino dünyasına bilet

Ekstremal hisslər keçirmək istəyirsinizsə, "MOTIONGATE™ Dubai" parkına yollanın. "MOTIONGATE™ Dubai" "Dubai Parks and Resorts" kompleksinin flaqmanı və Yaxın Şərqdə Hollivud mövzusunda ən böyük əyləncə parkıdır. Burada Hollivud istehsalı olan 13 ən populyar bədii və animasiya filmi əsasında 27 attraksion yerləşir.

"MOTIONGATE™ Dubai" hər zövqə uyğun əyləncələr, o cümlədən beş Amerika təpəciyi, sərbəst düşmə attraksionu, su təpəciyi, oyun laboratoriyaları, 3D-simulyatorlar, habelə 15 növ interaktiv əyləncə, o cümlədən kino qəhrəmanları ilə görüşlər, onlarla şəkil çəkdirmək, açıq səma altında musiqi və rəqs şousu və bir çox digər əyləncələr təklif edir. Hollivudun üç əfsanəvi studiyası - "DreamWorks Animation", "Columbia Pictures" və "Lionsgate" studiyaları dünyada ilk dəfə bir məkanda birləşib ki, kino qəhrəmanlarını real həyatda canlandırsınlar.

"Columbia Pictures"in pavilyonunda animasiya və kino hitləri mövzusunda yeddi attraksion, o cümlədən "Buludludur, frikadel şəklində yağıntı ola bilər", "Transilvaniya oteli", "Kabus ovçuları", "Yaşıl eşşəkarası", "Başqa dünya" və "Zombiləndə xoş gəlmisiniz" attraksionları təqdim olunub. Onların ən ekstremalı açıq səma altında "Yaşıl eşşəkarası" sürət təpəciyi və "Zombilənd" sərbəst düşmə attraksionudur.

"DreamWorks Animation" studiyası tamamilə qapalı zonada "Əjdahanı necə əhliləşdirməli", "Kunq-fu panda", "Madaqaskar" və "Şrek" kimi populyar animasiya filmlərinin motivləri əsasında 12 attraksion təklif edir. Bu attraksionların ən sadəsi "Şrek" animasiya filminin motivləri əsasında yaradılan attraksiondur. Vaqonet yavaş sürətlə sizi bu populyar cizgi filmindən hamımıza yaxşı tanış olan nağıllar ölkəsində gəzdirir. Sevimli qəhrəmanların insan boyu bərabərində manekenləri hərəkət edir və tanınmış aktyorların səsləri ilə danışır.

"Əjdahanı necə əhliləşdirməli" attraksionu daha dinamikdir. Bu Amerika təpəciyi əjdaha belində uçuşu imitasiya edir. Amma ən sürətli və yeri gəlmişkən, elə "Sürətli yürüş" də adlanan təpəcik "Madaqaskar" filminin motivləri əsasındadır. Burada vaqonet kəskin start götürərək saatda 150 kilometr sürətlə sərt virajlar edir.

"Lionsgate" studiyasının pavilyonunda müsafirləri daha bir heyrətamiz sürpriz gözləyir. Burada dünyada ilk dəfə "Ac oyunlar" blokbasterinə həsr olunmuş attraksionlar yaradılıb. Adrenalin həvəskarları "Ac oyunlar" filmindən Kapitoli futuristik qatarını imitasiya edən sürət təpəciyində gedə bilərlər.

Bundan əlavə, pavilyonda 1000 tamaşaçı yeri olan teatr yerləşir. Teatrda "Bir addım irəli: hər şey, yaxud heç nə" və "Dörd addım irəli" filmlərinin motivləri əsasında rəqs şouları təqdim edilir.

"MOTIONGATE™ Dubai" parkının kənarında "Smurfs Village" ("Smurfiklər kəndi") yerləşir. Kənddə azyaşlı uşaqları olan ailələr üçün populyar çoxseriyalı cizgi filminin motivləri əsasında beş attraksion yaradılıb.

Hollivud filmləri ab-havasında fəaliyyət göstərən doqquz ailəvi restoran və tez qəlyanaltı etməyə imkan verən çoxsaylı köşklər "MOTIONGATE™ Dubai" qonaqlarının xidmətindədir.

Diqqətimizi "Columbia Pictures" pavilyonunun ərazisində "Buludludur, frikadel şəklində yağıntı ola bilər" cizgi filminin motivləri əsasında tərtib edilmiş "Baby Brent's Luncheonette" italyan mətbəxi restoranı cəlb etdi. Biz də restoranda elə frikadelli spaqetti, pitsa və desert sifariş verdik. Maraqlıdır ki, bir dəfə 90 dirhəm (24 dollar, beş yaşınadək uşaqlara 65 dirhəm – 17 dollar) ödəyirsiniz və istədiyiniz qədər yeyib-içirsiniz – çox rahatdır.

"MOTIONGATE™ Dubai" parkında bir gün vaxt keçirməyin qiyməti adambaşına 165 dirhəmdir (44 dollar).

Bollivuda xoş gəlmisiniz

Hind kinosu fanatları üçün yaxşı xəbərlər var: dünyanın ən iri kino istehsalı mərkəzlərindən birinin - Bollivudun autentik aləmini təqdim edən ilk tematik park - "BOLLYWOOD PARKS™ Dubai" sizin xidmətinizdədir.

Parkda hind kinematoqrafına həsr olunmuş attraksionlar yerləşir. Burada musiqi, rəqslər və Bollivud filmlərinin təsirli dramaturgiyası ilə müşayiət olunan canlı tamaşalar da oynanılır. "BOLLYWOOD PARKS™ Dubai" beş tematik zonada – "Bollivud bulvarı", "Mumbay meydanı", "Hind kəndi", "Kral meydanı" və "Bollivud kinostudiyası" zonalarında yerləşən attraksionların köməyi ilə Bollivud atmosferini canlandırır. Müsafirlər Bollivudun doqquz blokbasterinin ("Rok oynayaq!", "Qisas və qanun", "Don. Mafiya başçısı" , "Laqaan: bir dəfə Hindistanda", "Qorxmaz", "Böyük Moğol", "Həyat darıxdırıcı ola bilməz", "Təsadüfü yol", "Krriş") ruhunda riskli tryuklara, rəngarəng tamaşalara və coşqun rəqslərə tamaşa edə bilərlər.

Gün ərzində parkın altı səhnəsində ("Rock On!! Magik Alley", "Crossroads", "Mumbai Express", "Rangmanch", "Stars on Steps" и "Cinema Circle") təqribən 20 canlı tamaşa oynanılır. Dünya şöhrətli Tac-Mahal üslubunda yaradılan "Rac-Mahal" teatrı "BOLLYWOOD PARKS™ Dubai"nin qürur mənbəyidir.

Parkın ərazisində hind mətbəxi təamlarının hazırlandığı altı restoran və kino mövzusunda malların satıldığı səkkiz mağaza fəaliyyət göstərir.

"BOLLYWOOD PARKS™ Dubai"yə biletin qiyməti adambaşına 95 dirhəmdir (25 dollar).

Gördüyünüz kimi, "Dubai Parks and Resorts" kompleksi lap böyükdür və yeni-yeni dünyalar və əyləncələr kəşf etmək üçün burada bir gün vaxt keçirmək çox azdır. Bununla belə, "Dubai Parks and Resorts" böyüməyə və genişlənməyə davam edir. Gələn il burada ABŞ-da 21 əyləncə parkı, akvaparkı və ailəvi əyləncə mərkəzləri olan "Six Flags Theme Park" brendinin regionda ilk tematik parkının açılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.