DÜNYA
"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala İstanbulda konsert verib
Bakı, 18 avqust, AZƏRTAC
Ukraynalı müğənni, "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala Türkiyədə son hadisələr zamanı demokratiya uğrunda şəhid olanların xatirəsinə konsert verib.
Anadolu informasiya agentliyinin məlumatına görə konsert avqustun 17-də İstanbulda təşkil olunub.
İfaçı konsertə İstanbulda olmasından çox xoşbəxt olduğunu söyləyərək başlayıb. O deyib: “Bu gün sizinlə olduğum üçün çox xoşbəxtəm. Sizin üçün türkcə mahnılar ifa etmək istəyirəm”.
Konsertdə ingiliscə və türkcə mahnılar səsləndirən Camala “Ana Vətən” mahnısını oxumazdan əvvəl “Biz vətənimizdən ayrı yaşamağın nə olduğunu bilirik, vətənimizdən uzaqda sürgünə düşdük, amma hər zaman bilirik ki, sığınacaq bir ana vətənimiz var. Vətən üçün ölən bütün şəhidləri rəhmətlə anıram", -deyə ifaçı vurğulayıb.
Konsert zamanı "İndi icazə verin, səhnəyə mənə həyat və Vətən sevgisini öyrədən atamı dəvət edim" deyərək atası Alim Camaladinovu səhnəyə dəvət edib. Camalanın atasının akkordeonunun müşayiəti ilə səsləndirdiyi "Məni qəmdən azad et" mahnısı dinləyicilər tərəfindən alqışla qarşılanıb.
Camala konsertində türkcə "Azam", "Yandırma məni", "Deyəm kədərliyəm", "Ah yandım", "Yarım yarım", "Pəncərəsi yaşıl rənglə" mahnılarını səsləndirib.
Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub.