DÜNYA
"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi İstanbulda konsert verəcək
Bakı, 13 iyul, AZƏRTAC
Ukraynalı müğənni Camala Türkiyədə son hadisələr zamanı demokratiya uğrunda şəhid olanların xatirəsinə konsert verəcək.
Anadolu informasiya agentliyinin məlumatına görə konsert avqustun 17-də İstanbulda təşkil olunacaq.
Məlumatda bildirilib ki, Camala Türkiyəyə olan sevgisini belə vurğulayıb: “Türkiyə mənin üçün ailəmin bir parçasıdır. Türkiyəni ana vətənim qəbul edirəm. Orada bacım və bacım uşaqları yaşayırlar. Özümü Türkiyədə həmişə evimizdəki kimi hiss edirəm".
Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub. Yarışı qəbul etmək istəyən şəhərlər arasında ilk olaraq Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson olsa da, onlardan yalnız üçü - Kiyev, Dnepr və Odessa növbəti mərhələyə adlayıb. Ev sahibi olacaq şəhərin adı ötən ayın 27-də elan olunmalı olsa da, maliyyə məsələlərinə görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.