CƏMİYYƏT
"Gizli ölüm toxumları” kitabının təqdimatı olub VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə ərsəyə gəlmiş "Gizli ölüm toxumları” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ANAMA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev Azərbaycanın minalarla bağlı böyük problemlər yaşadığını vurğulayıb: "İşğaldan azad edilmiş ərazilərimizdə əsas problemlərimizdən biri budur. Bu kitab əminəm ki, Azərbaycanın nə kimi çətinliklərlə mübarizə apardığını göstərəcək. Beynəlxalq tərəfdaşlarımıza mina təmizləməsində göstərdiyi dəstəyə görə minnətdarıq".
Xarici işlər nazirinin müavini Fariz Rzayev kitabda Azərbaycan ərazilərinin bərpası yolunda üzləşilən bütün dəhşətlərin öz əksini tapdığını deyib: "Ölkəmiz minalarla bağlı ağrılı təcrübəyə malikdir. Artıq Ermənistanla münaqişə başa çatıb, lakin bu günə qədər işğaldan azad edilmiş ərazilərimizdə minalar insanların həyatına son qoyur".
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, hazırda dünyada 70-dən çox ölkə mina problemi yaşayır və Azərbaycan da belə ölkələrdəndir: "Azərbaycanda mina təmizliyi ilə ciddi mübarizə gedir. 75 min hektardan çox ərazi minadan təmizlənib. 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Kitabın təqdimatının əsas məqsədi ölkəmizin üzləşdiyi bu problemi dünya ölkələrinin və beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minaların işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və keçmiş məcburi köçkünlərin geri dönmə prosesini ləngitdiyini bildirərək, minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq etdiyini vurğulayıb. Ölkə rəhbəri Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mina probleminə beynəlxalq diqqətin artırılması üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev və "İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışlarında diqqətə çatdırıblar ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıntılar törədib, 900-dən çox yaşayış məskəni yer üzündən silinib, ərazilər mina və digər partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilib. İkinci Qarabağ müharibəsindən sonra, 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya xəsarət alıb.
Qeyd edilib ki, "Gizli ölüm toxumları” kitabı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törədilən mina terrorunun, mina və partladıcı sursatların yaşatdığı dəhşətin dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırmaq məqsədi ilə hazırlanıb.
Kitabın əsas məqsədi mina təhlükəsi ilə mübarizədə maraqlı olan ölkələr, beynəlxalq təşkilatların diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəltməklə “Minasız Azərbaycan, təhlükəsiz Qarabağ” təşəbbüsünə dəstək göstərməkdir. Azərbaycan, ingilis, rus dillərində nəşr olunan kitab “Viran edilmiş torpaq”, “İnsanlıq əleyhinə cinayət”, “Total terror” və “Son söz” hissələrindən ibarətdir.