İQTİSADİYYAT
"HUAWEI" şirkəti İKT və smartfonlar sahəsində yeniliklər tətbiq etməkdə davam edir
Bakı, 6 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərən Çinin "HUAWEI" şirkəti İKT və smartfonlar sahəsində yeniliklər tətbiq etməkdə davam edir.
Bu barədə "Bakutel-2017" sərgisində şirkətin meneceri Vadim Kuzin AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, təmsil etdiyi şirkət İKT üzrə 3 həll variantını təklif edir. Bunlar təhsil, təhlükəsiz şəhər və neft-qaz sahələrinə aiddir.
Menecerin fikrincə həllərdən ən maraqlısı distant təhsildir. “Yəni Azərbaycanın bir bölgəsində yaşayan hər bir insan bizim təqdim etdiyimiz texnologiya vasitəsilə istənilən şəhər və ya kənddə yerləşən ümumtəhsil məktəbində interaktiv dərsdə iştirak edə, müəllimin suallarına cavab verə, yaza bilər. "HUAWEI" planşetlərinin köməyi ilə riyazi məsələlərin cavablarını göndərmək də mümkündür”, - deyə o bildirib.
V.Kuzin onu da qeyd edib ki, şirkət sözügedən texnologiyanı müştərilərinə kompleks şəkildə təqdim edir: “Biz şəbəkə avadanlığı təqdim edirik ki, buraya kamera, stend, planşet daxildir”.
"HUAWEI"in məhsullarından əlil insanlar da istifadə edə bilər. Belə ki, fiziki qüsurlu insanların məktəbdə, dərslərdə iştirakı vacib deyil.