ELM VƏ TƏHSİL
"Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası yenidən nəşr olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında yenidən nəşr olunub. Muzeydən AZƏRTAC-a bildirilib ki, yeni nəşrin redaktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Monoqrafiyada Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin mənəvi bəraətində, yenidən Vətəninə qovuşmasında, adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, Ulu Öndərin Cavid əfəndinin həyat və yaradıcılığına qayğıkeş münasibəti tədqiqat obyektinə çevrilir, hər iki dühanın Vətən qarşısındakı xidmətləri tarixi faktlarla geniş ictimaiyyətə təqdim olunur.
Kitabda qeyd olunub ki, bir vətənpərvər ziyalı, həqiqi milli rəhbər kimi Ümummilli Liderimiz təkcə Hüseyn Cavid irsinə və şəxsiyyətinə deyil, xalqımıza və dövlətçiliyimizə xidmət göstərmiş bütün görkəmli klassiklərə hörmət və məhəbbət bəsləyib, onların təbliği və tədqiqini prioritet vəzifələrdən biri kimi qarşıya qoyaraq daim nəzarət altında saxlayıb.