İQTİSADİYYAT
"Huawei" şirkəti gələn il Azərbaycanın bölgələrində distant təhsil sistemini tətbiq etmək niyyətindədir
Xu Xiaobo: Biz AZƏRTAC ilə yaxından əməkdaşlıq edirik və gələcəkdə yeni birgə layihələr reallaşdırmağa hazırıq
Bakı, 6 dekabr, Elvira Məmmədova, AZƏRTAC
"Huawei" şirkətinin distant təhsil sistemi artıq Naxçıvanda tətbiq olunub. Azərbaycanda təhsilə böyük önəm verildiyini nəzərə alaraq, gələn ildən digər bölgələrdə də bu sistemi tətbiq etmək istəyirik.
Bu barədə "Huawei" şirkətinin xarici işlər üzrə regional direktoru Xu Xiaobo AZƏRTAC-a müsahibəsində məlumat verib.
Şirkət "Bakutel-2017" sərgisində dörd bölmədə yeni həllərini təqdim edir. “Birinci bölmədə distant təhsil sistemi nümayiş olunur ki, biz onun vasitəsilə ucqar kəndlərdə yaşayan tələbələrə kömək edə biləcəyik. Həmin tələbələr şəhərlərdəki ilə eyni səviyyədə təhsil alacaqlar. Onlara bütün məlumatlar, tədris materialları internetdə bu sistem vasitəsilə ötürüləcək”, - deyə Xu Xiaobo bildirib.
O qeyd edib ki, digər bölmədə müasir IPTV olan "Smart Home" nümayiş olunur. Bu qurğu ilə istənilən mobil telefonu avtomatik olaraq televizora qoşmaq mümkündür. Eyni zamanda, televiziya kanallarını dəyişmək üçün yarım saniyə vaxt sərf edilir. Bundan əlavə, bir neçə telekanalı eyni vaxtda izləmək olur.
Şirkətin sərgidəki stendinin digər bölməsində "Smart City" - "ağıllı şəhər" təqdim olunur. Başqa bir həll isə neft-qaz istehsalı üçün nəzərdə tutulub. Bu barədə danışan regional direktor deyib: “Neft-qaz Azərbaycanın ən mühüm sənaye sahəsidir. Müasir "Əşyaların interneti" adlanan texnologiyaların köməyi ilə neft hasilatının effektivliyini artırmaq olar. Dörd distant müşahidə sistemi vasitəsilə təhlükəsizliyə nəzarət etmək və gözlənilən təhlükələri aşkarlamaq olar”.
Xu Xiaobo "Huawei" şirkətinin AZƏRTAC ilə yaxından əməkdaşlıq etdiyini və gələcəkdə yeni birgə layihələr reallaşdırmağa hazır olduğunu deyib. Qeyd edib ki, agentliyin rəhbərliyində təmsil olunan şəxslərlə bununla bağlı müzakirələr aparılıb. “Biz bir müddət əvvəl “Gözəl Azərbaycan” adlı layihə reallaşdırmışıq və bu, çox maraqla qarşılanıb. Hesab edirik ki, əməkdaşlığımızı daha da genişləndirə və yeni layihələrlə zənginləşdirə bilərik”, - deyə regional direktor bildirib.