ELM VƏ TƏHSİL
"Hüseyn Cavid əbədiyyəti” mövzusunda II respublika elmi konfransının materialları çapa hazırlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyi böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid əbədiyyəti” mövzusunda II respublika elmi konfransının materiallarını çapa hazırlayıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, topluda ədibin həyat və yaradıcılığını müxtəlif aspektdən araşdıran maraqlı məruzələrin tam mətni yer alıb. Onlardan Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Yaşar Qarayev və Cavid romantizmi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Cavid lirikasında söz təkrarı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullayevanın “Hüseyn Cavidin poeziya dilinin bədii xüsusiyyətləri”, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “Cavid yaradıcılığı beynəlxalq ədəbi-mədəni əlaqələr müstəvisində”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Hüseyn Cavidin “İblis” və Joze Saramaqonun “İsanın incili” əsərlərində iblis surətləri”, Emil Ağayevin “Azərbaycan rəngkarlığı və qrafikasında Hüseyn Cavid obrazı” və digər müəlliflərin məqalələri xüsusi maraq doğurur.
Baş redaktoru Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı olan bu toplunun elektron versiyası da yaxınlarda muzeyin www.huseyncavid.az veb-saytında yerləşdiriləcək.