İQTİSADİYYAT
"IPO, korporativ idarəetmə və listinq" mövzusunda biznes seminar keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə "IPO, korporativ idarəetmə və listinq" mövzusunda biznes seminar keçirib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İlkin Kütləvi Təklif (IPO) və onun üstünlükləri, kütləvi təklif prosesinin idarə edilməsi, investorlar və tərəf müqabilləri ilə kommunikasiyanın təşkili, IPO üçün şirkətin müsbət nüfuzunun formalaşdırılması, BFB-nin Listinq Məsləhət Proqramı, yerli kapital bazarları vasitəsilə effektiv maliyyələşmə imkanları və s. mövzularda təqdimatlar edilib.
Tədbirin məqsədi kapital bazarları vasitəsilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda, potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasıdır.
BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində özünün ilk istiqraz buraxılışını həyata keçirmiş "Metak" MMC şirkəti yerli kapital bazarları vasitəsilə effektiv maliyyələşmə sahəsində özünün uğur hekayəsi barədə məlumat verib.
Biznes seminarda 100-ə yaxın maliyyə, kənd təsərrüfatı, sənaye, istehsalat, təhsil və s. sahələri üzrə fəaliyyət göstərən şirkət və müəssisələr, o cümlədən "startup"lar iştirak ediblər.
Sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar geniş müzakirə edilib. Sonda tədbir iştirakçıları arasında B2B görüşlərlə davam edib.
Qeyd edək ki, BFB Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.