İQTİSADİYYAT
"JATA Tourizm EXPO Japan - 2015" sərgisində Azərbaycan da təmsil olunur VİDEO
Tokio, 25 sentyabr, AZƏRTAC.
Sentyabrın 25-də Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda "JATA Tourizm EXPO Japan - 2015" beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.
Sərginin açılış mərasimində Yaponiya hökumətinin rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri, iştirakçı ölkələrin turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm naziri Akihiro Nişimura qonaqları salamlayaraq, sərginin işinə uğurlar arzulayıb.
Dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “JATA-2015”-də ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə beş turizm şirkətinin - "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel"in nümayəndələri də daxildirlər. Açılış mərasimindən sonra Azərbaycan stendi ilə tanış olan Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə nümayəndə heyətinin üzvlərinə uğurlar arzulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin sektor müdiri Emil Səfərov AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, dünyanın 170-dən çox ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 700-dən çox şirkətin iştirak etdiyi "JATA-2015" Beynəlxalq turizm sərgisində Azərbaycanın turizm məhsulları ölkəmiz üçün ayrılmış 45 kvadratmetrlik stenddə nümayiş etdirilir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində Azərbaycanın turizm potensialı barədə müxtəlif növ reklam-çap məhsulları təqdim olunur. Nazirlik tərəfindən təsdiq edilmiş turizm marketinqi strategiyasına əsasən Yaponiya prioritet ölkələr siyahısına daxil edilib. Strategiya çərçivəsində aparılan məqsədyönlü iş nəticəsində yapon turistlərin Azərbaycana səfərlərinin sayı əsaslı şəkildə artıb. Növbəti sərgidə də müvafiq qurumlarla aparılan danışıqlarda ölkəmizin turizm potensialı barədə ətraflı məlumat veriləcək, birgə fəaliyyətin perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri artıq yeddinci dəfədir ki, "JATA" sərgisində iştirak edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio