İQTİSADİYYAT
"Kapital Bank"ın səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) standart bazar seqmentində listinqdə olan "Kapital Bank" ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiya prospektinə əsasən, yerləşdirilmənin başlandığı tarixdən ilk 2 iş günü yalnız üstünlük hüququna sahib olan emitentin səhmdarlarının sifarişi anderrayter tərəfindən təmin ediləcək. İmtiyazlı, adlı, sənədsiz səhmlərin satış qiyməti 12.39 AZN olacaq. Səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15 faizdir. Ticarətə buraxılan qiymətli kağızların sayı 1 milyon 614 min 205 ədəddir.
Səhmlərin yerləşdirməsi üzrə anderrayter "Paşa Kapital İŞ" ASC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.