REGİONLAR
"Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsinin araşdırma mərhələsi yekunlaşıb
Ağsu, 27 iyun, AZƏRTAC
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsinin araşdırma mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək vermək məqsədi daşıyan layihənin araşdırma mərhələsi iyunun 20-dən 26-dək Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində reallaşdırılıb. Araşdırmalarda layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Professor Kübra Əliyeva, koordinatoru Şölə Bayramova, habelə könüllü qismində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri iştirak ediblər.
Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai duruma malik qadınların ev sənətkarlığı haqqında bilik və təcrübəsinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqi məsələləri diqqət mərkəzində saxlanılıb.
Layihənin icrası Ağsu rayonunun qədim Nərgizava abidəsinin qalıqları üzərində axtaçı obası tərəfindən salınan Gəgəli kəndindən başlayıb. Tədqiqatçılar kənd sakinlərinin evlərində olub, onlara suallar veriblər. Gəgəli kəndində keçirilən sorğuda 35 qadın iştirak edib. Evlərdə qorunub saxlanılan palaz məmulatı haqqında qeydlər aparılıb və fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar. Onlar kənddə əvvəllər xalçaçılığın, xüsusilə palaz toxuculuğunun geniş yayıldığını bildiriblər. Lakin son 20 ildə bu sənət sahəsinin tənəzzül etdiyini qeyd edib, ənənənin getdikcə unudulduğunu bildiriblər. Qadınlar kənddə əsas problemin su çatışmazlığı olduğunu, burada məscid və xəstəxananın olmamasını təəssüflə qeyd ediblər. Vurğulanıb ki, qadınların xalçaçılıq, pambıqçılıq, üzümçülük və mal-qara ilə məşğul olması ailənin sosial durumu və rifahı üçün faydalı ola bilər. Turistlərin kəndə artan marağı son illərdə MİRAS İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Tərəkəmə Çərşənbəsi folklor festivalı ilə əlaqələndirilib.
Kənd icra nümayəndəsi Həsrət Quliyev Gəgəlidə pambıqçılığa marağın yenidən artdığı, 100 hektara qədər sahədə pambıq becərildiyi barədə məlumat verib, qadınların ənənəvi sahə kimi pambıqçılıq təsərrüfatında işləməyə meyl etdiklərini vurğulayıb.
Layihə araşdırması Bico və Qəşəd kəndlərində də davam etdirilib. Sorğularda, ümumilikdə 60 nəfər qadın iştirak edib. Bu kəndlərdə xalçaçılığın dərnəklər səviyyəsində inkişafı barədə təkliflər səsləndirilib.
Layihənin sonrakı mərhələsində sorğular və müşahidələr təhlil ediləcək, ekspert qiymətləndirmələri aparılacaq, təkliflər və tövsiyələr hazırlanacaq. Hər üç kəndin qadınlarına ənənəvi və müasir xalça, palaz və toxuma üsulları öyrədiləcək, kurslar, boyaqçılığın və boyaq bitkilərinin kultivasiyası, yun emalı, iplik istehsalına həsr olunan təlimlər, əldə olunan nəticələri əks etdirən fotosərgi və əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq. Lazımı məlumatlar İB-nın agsunews.az internet səhifəsində yaradılan kənd həyat tərzi bölməsində yerləşdiriləcək.