CƏMİYYƏT
"Kənddən şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların satış məntəqələri fəaliyyətə başlayıb VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkaları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram yarmarkasının təşkilində məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, onlayn xidmətlərdən istifadəni təşviq etmək və karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının qarşısını almaqdır.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində təşkil edilən yarmarkada Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Qalib Bəhrəmov məlumat verib ki, yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçirilir: “Qurbanlıqların onlayn sifarişi dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almağa və onların sağlamlıqlarının qorunmasına xidmət edir. Qurbanlıqların kəsimi islami qaydalara uyğun şəkildə yalnız Qida Təhlükəsizliyi Agentliyində rəsmi qeydiyyatdan keçən kəsimxanalarda həyata keçirilir. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalar ən yüksək səviyyədə qorunur, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərir. Satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət edilir".
Q.Bəhrəmovun sözlərinə görə, qurbanlıq qoyunlar üç çəki kateqoriyasında vətəndaşlara təklif olunur: “Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödənilir. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyirlər. Qurbanlıqlar vətəndaşlara yalnız kəsilmiş formada təqdim olunur”.
Məlumata əsasən, sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər.
Xatırladaq ki, qurbanlıq qoyunların onlayn sifarişi 16 - 19 iyul tarixlərini əhatə edib.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə bilərlər:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 (“Kənddən şəhərə” yarmarkası)
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (“Kənddən şəhərə” yarmarkası)
Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədihilal Kazımov 17
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi (“Kənddən şəhərə” yarmarkası)
Binəqədi rayonu, Əcəmi Naxçıvani 52
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A (“Kənddən şəhərə” yarmarkası)
Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)