DÜNYA


"Kia" iyulda Çindəki zavodunun fəaliyyətini dayandıracaq

Bakı, 14 iyun, AZƏRTAC

Cənubi Koreyanın ikinci ən böyük avtomobil istehsalçısı "Kia Motors" iyulda Çindəki 3 zavodundan birinin fəaliyyətini dayandıracaq.

AZƏRTAC şirkətin məsələ ilə əlaqədar yaydığı məlumata istinadla xəbər verir ki, dünyanın ən böyük avtomobil bazarında satışın azalmasını əsas götürən "Kia Motors" rəhbərliyi Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. İstehsal sahəsində çalışan minə yaxın işçi şirkətin digər zavodlarına köçürüləcək. Fəaliyyətini dayandıran zavod isə iyuldan etibarən "Kia Motors"un Çindəki biznes tərəfdaşı olan "Dongfeng Yueda"ya uzunmüddətli icarəyə veriləcək.

Qeyd edək "Kia Motors"un Çində satışları son illər xeyli azalıb. ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasına rəsmi Pekinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiri nəticəsində 2017-ci ildə "Kia Motors"un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. Hazırda "Kia Motors"un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai" da bir müddət əvvəl Çindəki ən böyük zavodunun fəaliyyətini dayandırmağı düşündüyünü açıqlayıb. Pekində yerləşən və illik istehsal gücü 300 min avtomobil olan zavod hazırda yarı gücü ilə işləyir. Cari ilin yanvar-aprel aylarında Çində "Hyundai" və "Kia" avtomobillərinin birgə satışı 18 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.