MƏDƏNİYYƏT
"Kreml baleti" teatrı "Min bir gecə" tamaşasını Azərbaycanda təqdim edəcək
Moskva, 10 aprel, AZƏRTAC
"Kreml baleti" teatrı Fikrət Əmirovun "Min bir gecə" baletini Bakı tamaşaçılarına təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, Moskva teatrının mətbuat xidmətindən TASS agentliyinə tamaşanın aprelin 11-də və 12-də göstəriləcəyini bildiriblər.
Teatrın mətbuat xidmətində qeyd ediblər: "Heydər Əliyev Sarayının səhnəsində çıxışımız tamaşanın yaradıcılarından biri – səhnə quruluşu rəssamı, SSRİ Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Tahir Salahovun 90 illik yubileyinə həsr ediləcək".
"Kreml baleti" teatrında bildiriblər ki, balet 2010-cu ildə Moskva səhnəsində ilk dəfə məhz bu truppa tərəfindən göstərilib. Mətbuat xidmətində əlavə ediblər: "Bir çox illərdir ki, balet həm Rusiya, həm də xarici ölkələrin müxtəlif səhnələrində uğurla nümayiş etdirilir".
Tamaşa martın 26-da Moskvada göstərilib və yubilyar Tahir Salahov tamaşaçı zalında ona baxıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva