CƏMİYYƏT


"Mediasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Bakı, 14 mart, AZƏRTAC 

Martın 14-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib.

Əvvəlcə “Mediasiya haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, yeni qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir.

Qeyd edilib ki, bu yeni qanun Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

Diqqətə çatdırılıb ki, mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Daha sonra "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun, "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanunun ləğvi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihələrinə baxılıb.

Müzakirələrdən sonra gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.