CƏMİYYƏT
"Mənəvi intibah dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans təşkil olunub
Bakı, 23 iyun, AZƏRTAC
Müqəddəs kitabda qeyd olunan və bəşəriyyətin getdikcə daha çox əmin olduğu bəlanın, mənəvi böhranın dünya üçün başlıca təhlükə mənbəyi olmasını xatırlatmaq belə, artıqdır. Mənəvi böhran bəşəri təhlükədir və təəssüf ki, getdikcə daha qabarıq hiss edilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının birgə təşkil etdiyi "Mənəvi intibah dini etiqad azadlığının qarantı kimi" mövzusunda təşkil olunan konfransda səsləndirilib.
Konfrans dini etiqad azadlığını qloballaşan dünyada mənəvi intibahı şərtləndirən əsas amillərdən biri kimi təqdim edən sənədli filmin nümayişi ilə başlayıb. Azərbaycandakı dini etiqad azadlığından, dövlətin sosial siyasətindən, cəmiyyətimiz üçün normaya çevrilən tolerantlıq mühitindən bəhs edən filmdə dini konfessiya təmsilçilərinin fikirlərinə geniş yer verilib.
Tədbiri açan “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov filmdə əksini tapmış faktları, həmçinin konfransın başlıca mövzusu olan dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini, eləcə də Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətimizin təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edənlər dini etiqad azadlığının, nümunəvi mühitin qorunub saxlanılması, mövcud təhlükə və təhdidlərin qarşısının alınması üçün sistemli formada maarifləndirmə tədbirlərinin aparılması kimi məsələlərdən danışıblar.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda dini etiqad azadlığının başlıca qarantı olan dövlət siyasətinin əsas hədəfinin mənəvi mühitin sağlamlaşdırılması olduğunu deyib.
“Azərbaycan dünyanın o ölkələri cərgəsində dayanır ki, tarixi multikulturalizm ənənələri ilə seçilib. Bu ənənələr dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin iradəsi ilə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin azad olunmasından sonra bütün dünya tarixi, dini abidələrimizin necə təhqir olunduğunu, xarabaya çevrildiyini gördü. Lakin Bakının mərkəzində olan erməni kilsəsinin indiyədək qorunub saxlanıldığı faktdır”, - deyə S.Heydərov qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanovun və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Yəhudiləri, Bakı şəhəri “Həyatverici Lütf” , Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi”, Bakı Krişna Şüuru dini icmalarının, Sumqayıt şəhəri “Alov”, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri”, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmalarının nümayəndələri çıxışlarında Azərbaycanda əsrlərdən bəri kök salmış dini etiqad azadlığını mənəvi intibahın başlıca şərti kimi qiymətləndiriblər.