REGİONLAR
"Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir" mövzusunda açıq dərs
Tərtər, 13 iyun, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə "Milli Qurtuluş Günü Xalqımızın şərəf tarixidir" mövzusunda açıq dərs keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin direktoru Səlimə Yusubova məktəblilər qarşısında çıxış edərək, ulu öndər Heydər Əliyevin mənalı həyatı və genişmiqyaslı siyasi fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı tarixinin Milli Qurtuluş Gününə çevrildiyini diqqətə çatdıraraq, 15 iyunun müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunduğunu deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq, sürətli inkişaf yoluna qədəm qoyub.
Sonda məktəblilər Milli Qurtuluş Günü ilə bağlı Mərkəzdə təşkil edilmiş sərgi ilə tanış olublar.