İQTİSADİYYAT
"Nağdsız Azərbaycan" layihəsinin təqdimatı keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək "Nağdsız Azərbaycan" layihəsinin təqdimatı keçirilib.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı ilə cari ilin fevral ayından yeni layihəyə start verilib.
"Nağdsız Azərbaycan" layihəsi 3 mərhələdən ibarət olmaqla, birinci mərhələ cari vəziyyətin qiymətləndirilməsi və nağd iqtisadiyyatın həcminin ölçülməsi, ikinci mərhələsi strategiyanın müəyyənləşdirilməsi və üçüncü mərhələsi isə detallı fəaliyyət proqramının hazırlanmasından ibarətdir. Artıq layihənin birinci mərhələsi üzrə işlər tamamlanıb.
İclasda "MasterCard Worldwide" nümayəndələri hazırkı qlobal trendlər, regiondakı vəziyyət, Azərbaycanın buradakı yeri və ölkədə nağdsız mövcud potensial haqqında məlumat verilib. Bundan əlavə, bu potensialın reallaşdırılması ilə bağlı mümkün çıxış yolları təklif edilib və banklarla birgə müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycan Mərkəzi Bankına rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə aidiyyəti hökumət qurumları ilə birlikdə beynəlxalq təcrübənin araşdırılaraq Azərbaycanda tətbiqi perspektivlərinə dair müvafiq təkliflərin hazırlanması tapşırılıb.