İDMAN


"Neftçi" klubu Yunanıstandan məğlub qayıdır

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 21-də Bakının "Neftçi" klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstanda "Olimpiakos" komandasının qonağı olub.

AZƏRTAC xəbər verir ki, Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçirilən qarşılaşmada Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Mert Çelik və Yusuf Laval yer alıblar.

"Olimpiakos"un heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Məhəmməd Kamara, Andreas Buxalakis, Ahmed Hassan, Tanasis Andrutsos, Pyer Kunde, Giorqos Masuras, Svetozar Markoviç, Oleq Ryabçuk və Lazar Ranceloviç meydana çıxıblar.

Portuqaliyalı referi Joao Pinyeyru idarə etdiyi oyunun 29-cu dəqiqəsində Yunanıstan təmsilçisinin heyətində Məhəmməd Kamara fərqlənib. Görüşün 43-cü dəqiqəsində Kamara "Neftçi"nin futbolçusu Namik Ələsgərova qarşı kobud oyununa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Zədələnən N.Ələsgərovu isə Mirabdulla Abbasov əvəz edib. İlk hissə "Olimpiakos"un minimal üstünlüyü ilə başa çatıb - 1:0.

İkinci hissəyə daha fəal başlayan Bakı təmsilçisi azlıqda qalan "Olimpiakos"un müqavimətini qıra bilməyib. Əvəzində, matçın 63-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Mert Çelik kobud oyuna görə, qırmızı vərəqə alıb və matçda hər iki komanda sonadək 10 oyunçu ilə mübarizə aparıb. Komandaların cəhdlərinə baxmayaraq qarşılaşmanın sonunadək hesab dəyişməyib və "Neftçi" klubu 0:1 hesabı ilə məğlub olub.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.