DÜNYA


"Nisarqa" qasırğası Hindistanda insan tələfatına və dağıntıya səbəb olub

Pekin, 3 iyun, AZƏRTAC

Hindistanda "Nisarqa" qasırğasının törətdiyi fəsadlar nəticəsində ən azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, günortadan sonra ölkənin maliyyə mərkəzi olan Mumbay şəhəri də daxil olmaqla qərb sahillərinə çatan qasırğanın gətirdiyi küləyin sürəti saatda 120-140 kilometrə çatıb. Güclü külək elektrik dirəklərini, ağacları aşırıb, evlərin dam örtüyünü qoparıb. Sahil zonasında yaşayan minlərlə sakin təxliyə edilib, elektrik təchizatı dayandırılıb, qatarların hərəkət cədvəli dəyişdirilib, təyyarə uçuşları təxirə salınıb, balıqçı gəmilərinin sahilə qayıtması əmr edilib. Ölənlərdən biri Puna rayonunda üzərinə elektrik dirəyi düşən kişi, digəri isə küləyin aşırdığı ağacın altında qalan 10 yaşlı uşaqdır.

Güclü küləklə yanaşı, şiddətli yağışların da müşahidə olunduğu təbii fəlakət zonasına mülki müdafiə qüvvələri cəlb olunub, quru qoşunları və hərbi dəniz qüvvələrinin bölmələri isə hazırlıq vəziyyətinə gətirilib.

Hindistanın Meteorologiya Departamenti Ərəb dənizindən gələn qasırğanın növbəti saatlarda zəifləyəcəyini, bununla belə Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında da təsirli olacağını proqnozlaşdırıb. Qucarat ştatında 8 rayonun 63 min sakini təxliyə edilib.

Bu, son günlər Hindistan ərazisində müşahidə olunan ikinci güclü qasırğadır. Bir neçə gün əvvəl "Amfan" qasırğası Odişa, Qərbi Benqal ştatlarında tələfat və dağıntıya səbəb olmuşdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.