REGİONLAR
"Number One" komandası Aran Gənclərinin Regional Debat Forumunda qalib gəlib
Şirvan, 15 may, Mahir Babayev, AZƏRTAC
Şirvanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Aran Gənclərinin Regional Debat Forumu: Yaz 2018” başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan şəhər Gənclər və İdman İdarəsi və Gənclər evinin, Sabirabad Regional Debat Mərkəzinin dəstəyi ilə keçirilən forumda Şirvan şəhər, Sabirabad, Hacıqabul və Salyan rayonundan 12 komanda və 36 debatçı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən oyunlarda Şirvan şəhərinin "Number One" və "Afqan Team" komandaları finala vəsiqə qazanıblar. Final görüşündə isə "Number One" daha fəal çıxış edərək qalib olub.
Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikat verilib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Milli Debat Proqramının regional mərkəzlər üzrə meneceri Ehtiram Sadıqzadə proqramın fəaliyyətindən, gördüyü işlərdən, qazandığı uğurlardan danışıb, debatların gənclərin intellektual səviyyələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Debat Forumunun yekun mərhələsi Bakı şəhərində keçiriləcək.