CƏMİYYƏT
"Ölkəmizi tanıyaq” layihəsinin Bakıdan olan iştirakçıları Naxçıvandan paytaxta qayıdıblar VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Bakı məktəbliləri martın 27-də paytaxta geri dönüblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalara baxıblar.
Tur-aksiya iştirakçıları, həmçinin Batabat Dövlət Qoruğu, Batabat Astrofizika Rəsədxanası, Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, orta məktəblər, Naxçıvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və bir sıra tarixi abidələr ilə tanış olublar. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.
Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.
Naxçıvana səfərdən razılığını bildirən Bakı məktəblisi Şəfiqə Cəfərova təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib: "Belə bir layihədə ilk dəfədir iştirak edirəm. Naxçıvanın tarixi yerlərini gəzdik, məktəblər, universitet və sənaye müəssisələri ilə tanış olduq. Həmin yerlər haqqında müxtəlif məlumatlar əldə etdik və biliklərimizi genişləndirdik. Yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Şagird Lamiyə Əhmədova səfərdən məmnunluğunu bu sözlərlə ifadə edib: "Naxçıvan şəhərinin təbiəti, muzeyləri, tarixi yerləri ilə tanış olduq. Görmədiyimiz və bilmədiyimiz yerlər haqqında yeni məlumatlar əldə etdik. Ölkəmizin zəngin tarixinin olmasından çox böyük qürur hissi keçirirəm. Bu qədim diyardan olduqca xoş təəssüratlarla ayrıldıq".
Bakı məktəblisi Nuray Əliyeva təəssüratlarını bölüşüb. O, AZƏRTAC-a müsahibəsində deyib: "Naxçıvan şəhərində olduğumuz müddətdə müxtəlif yerləri gəzdik, Azərbaycanın görkəmli yazıçı-dramaturqu Məmməd Səid Ordubadinin ev-muzeyində olduq. Bununla yanaşı, muzeyləri, tarixi məkanları ziyarət etdik. Bu şəraiti bizim üçün yaradan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".