CƏMİYYƏT


"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən Ş.Hacıyev bildirib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün bərabər münasibət mühiti yaradır. Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılsa da, ölkəmizdə buna qarşı səmərəli mübarizə aparılır.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu, dayanır. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Liderimizin siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir.

Filmin əhəmiyyətindən danışan DQİDK-nın sədri belə maarifləndirmə vasitələrinə daha çox ehtiyac olduğunu deyib. Bildirib ki, xurafat cəmiyyətin inkişafının qarşısını alan ən böyük amildir. M.Qurbanlı Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılmasının zəruriliyinə, gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib.

Sonra gənclərin dini maarifləndirilməsi mövzusu və film ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.