İQTİSADİYYAT
"PAŞA Həyat" ölkənin ən uzunmüddətli maarifləndirmə layihəsi üzrə 100-cü təlimini keçib
Bakı, 7 iyul, AZƏRTAC
"PAŞA Həyat" sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində "Sığorta və sığorta mədəniyyəti" mövzusunda növbəti – 100-cü təlimini təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif universitetlərdən 40-a yaxın tələbənin iştirak etdiyi təlimdə təlimçi Pərviz Quliyev tərəfindən tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar verib. Təlim zamanı tələbələrə həyat sığortası ilə bağlı müvafiq suallar verilib. Düzgün cavab verən tələbələr "PAŞA Həyat"ın xüsusi hədiyyələri ilə mükafatlandırılıb.
Təlimin sonunda şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev "Sığorta və sığorta mədəniyyəti" mövzusunda keçirilən təlimin ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsi kimi qeyd edib: "Sözügedən təlimə 2013-cü ilin iyul ayından start verilib. Artıq 4 ildir ki bu təlim davam edir. İndiyədək 2500-ə yaxın tələbə bizim təlimlərdən yararlanıb. Danılmazdır ki, "Sığorta və sığorta mədəniyyəti" mövzusunda keçirilən təlim Azərbaycan sığorta bazarında ən uzunmüddətli təlim layihəsidir. Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin, sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda, cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır".
E.Hüseynquluyev bildirib ki, bu təlimlər əhalinin sığorta sahəsində maarifləndirilməsi üçün ən uğurlu layihələrmizdən biri hesab olunur. Lakin bazarda yalnız "PAŞA Həyat" tərəfindən bu layihənin həyata keçirilməsi o demək deyil ki bütün əhali bu sahədə maarifləndirilir. Düşünürəm ki, bu işə tənzimləyici orqanın dəstəyi ilə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri cəlb olunmalıdır.
Sonda tələbələrə "PAŞA Həyat"ın müvafiq sertifikatları təqdim olunub.