İQTİSADİYYAT
"PAŞA Həyat" ötən ilin nəticələrini açıqlayıb
Bakı, 19 mart, AZƏRTAC
Ölkənin ən iri həyat sığorta şirkəti olan "PAŞA Həyat" ASC 2017-ci ilin audit olunmuş, MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartı) uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
Şirkətin baş maliyyə inzibatçısı Dilarə Babayeva AZƏRTAC-a bildirib ki, "PAŞA Həyat"ın hesabat ilindəki xalis mənfəəti 17.33 milyon AZN (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5 faiz artım) təşkil edib. Dekabrın 31-nə 2017-ci il tarixə olan hesabatına əsasən, məcmu aktivlərin həcmi 218.23 milyon AZN təşkil edib. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən "PAŞA Həyat" aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb.
Hesabata əsasən 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58.19 milyon AZN (+7,5 faiz), məcmu öhdəlikləri 160.04 milyon AZN (+58 faiz) olub.
Ötən il ərzində şirkət 151.12 milyon AZN xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələyib. Eyni zamanda, bu dövr ərzində "PAŞA Həyat" ASC tərəfindən müştərilərə 58 milyon AZN sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılıb.
Şirkətin 2017-ci ilin nəticələrinə dair maliyyə hesabatının tam versiyası ilə www.pasha-life.az saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, "PAŞA Həyat" şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Ötən il dekabrın 31-nə şirkətin nizamnamə kapitalı 40,250 milyon AZN təşkil edib. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "Həyatın müddətli sığortası", "İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "Yığım tərkibli yaşam sığortası", "Ailəmin PAŞA Güvənliyi" və digər adlı fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.