İQTİSADİYYAT
"PASHA Bank Georgia "Caspian Energy Forum Tbilisi – 2018"in sponsoru olub
Bakı, 15 mart, AZƏRTAC
"PASHA Bank Georgia" bu il aprelin 18-də keçiriləcək 5-ci beynəlxalq "Caspian Energy Forum Tbilisi – 2018"in (www.caspianenergyforum.com) sponsoru olub.
"Caspian Energy Club"dan AZƏRTAC-a bildiriblər ki, "PASHA Bank Georgia"nın Direktorlar Şurasının sədri və baş icraçı direktoru Arda Arkun hər il təşkil olunan və artıq iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirəsi üçün ənənəvi meydana çevrilmiş "Caspian Energy Forum"un təşkilinin əhəmiyyətini vurğulayıb.
"Caspian Energy Forum"un Tbilisidə keçirilməsi Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmlənməsi, həmçinin biznes-hökumət dialoqunun inkişafı, işgüzar əlaqələrin qurulması, ideya, layihə və innovasiya məhsullarının realizə olunması nöqteyi-nəzərindən bu gün xüsusilə aktualdır", - deyə Arda Arkun deyib.
Baş ofisi Bakıda yerləşən, Azərbaycan, Gürcüstan və Türkiyədə təmsil olunan, həmçinin iri və orta sahibkarlıq üçün korporativ və investisiya bankçılığı xidməti göstərən "PASHA Bank" maliyyə institutudur.
"PASHA Bank Georgia" müştərilərə ikiqat diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. "PASHA Bank" həm müstəqil şəkildə, həm də iri bank sindikatları çərçivəsində rəqabətli faiz dərəcələri və hər bir müştərinin tələbat və imkanlarını nəzərə alaraq fərdi bank xidmətləri təklif edir.
"Caspian Energy Forum Tbilisi – 2018"in açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Gürcüstanın iqtisadi blokunu təmsil edən hökumət üzvlərinin iştirakı planlaşdırılır.
V Beynəlxalq "Caspian Energy Forum Tbilisi – 2018"ə rəsmi dəstəyi Gürcüstan hökuməti, Azərbaycan Respublikası hökuməti və "Caspian European Club" göstərir.
İldə bir neçə dəfə Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində keçirilən "Caspian Energy Forum" biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlə orta və kiçik biznes nümayəndələri ilə görüşlərin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır.
"Caspian Energy Forum Tbilisi – 2018"də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək nümayəndə iştirak edəcək.