Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"POÇT RABİTƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası qaydalarını və mənbələrini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin qanunun 15.6-cı və 25.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. öz səlahiyyətləri daxilində "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi bir ay müddətində poçt göndərişləri üzərində təhlükəsizlik nəzarəti qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Müəyyən edilsin ki:

3.1. "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.7-ci, 1.0.12-ci, 3.0-cı, 4.1-ci və 25.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;

3.2. həmin qanunun 3.0.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

3.3. həmin qanunun 4.2-ci, 11.5-ci və 13.8-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.4. həmin qanunun 15.4-cü maddəsində nəzərdə tutulan təhlükəsizlik və gömrük nəzarəti həyata keçirilən müvafiq yerləri Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla müəyyən etsin;

3.5. həmin qanunun 15.4-cü maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini müvafiq olaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 avqust 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin