CƏMİYYƏT
"Pediatrik xəstəliklərə multidistiplinar yanaşma" mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib
Bakı,3 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Pediatrik xəstəliklərə multidistiplinar yanaşma" mövzusunda onlayn beynəlxalq elmi konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən konfransın rəsmi açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömer Erdeve, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin professoru Merih Çetinkaya və başqalarının çıxışından sonra konfrans panel iclasları ilə davam edib.
Prezident İlham Əliyevin 2020-ci il iyunun 2-də imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndlərinin icrasına töhfə vermək məqsədilə təşkil edilmiş konfransda pediatrik xəstəliklərə multidistiplinar yanaşmanın yerli həkimlər arasında təbliği, eləcə də yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub.
Elmi konfransda Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, ümumi pediatriya və qastroenteroloji panellərdə ümumilikdə 26 məruzə dinlənilib. Dinləyicilər tərəfindən verilən sualların ətraflı şəkildə izah olunduğu sual-cavab sessiyaları müzakirələr şəklində davam etdirilib.
Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları"na uyğun olaraq müvafiq bal toplayan mütəxəssislərə sertifikatlar təqdim olunub.