DÜNYA
"Porsche" Çində iki min avtomobili geri çağırır
Pekin, 19 oktyabr, AZƏRTAC
Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen" Çin bazarında satdığı təxminən iki min "Porsche" avtomobilini geri çağırır.
AZƏRTAC Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, noyabrın 8-dən başlanacaq proses zamanı 2015-2016-cı illərdə istehsal olunmuş "Panamera" və "Boxster" modelləri daxil olmaqla 2 min 83 ədəd avtomobil potensial təhlükəsizlik problemləri ilə əlaqədar geri çağırılacaq.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərdəki elektron idarəetmə bloklarının nasazlığı hava yastıqlarının və təhlükəsizlik kəmərlərinin düzgün işləməməsinə, bu da öz növbəsində sürücünün və sərnişinlərin həyatı üçün ciddi təhlükələrin yaranmasına səbəb ola bilər.
İstehsalçı şirkətin Çindəki nümayəndəliyi avtomobillərdə nasaz detalları yoxlayaraq dəyişəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin