İQTİSADİYYAT
"Qarabağ" dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini bir daha nümayiş etdirdi
Bakı, 12 avqust, AZƏRTAC
“Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Prezident İlham Əliyev bu fikirləri avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı və dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib.
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan "Qarabağ" dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir.
Politoloq deyib: “Koronavirus pandemiyasının dünyanı ciddi sınağa çəkdiyi bir vaxtda respublikamızda sosialyönümlü və iri infrastruktur, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşdırılması ölkəmizdə həyata keçirilən strategiyanın etibarlı əllərdə olmasından xəbər verir. Azərbaycan bu gün də dünya birliyinin diqqət mərkəzindədir.
Bu layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ" dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini nümayiş etdirir, eyni zamanda, ölkəmizin iqtisadi gücünün göstəricisidir. Çünki belə nəhəng qurğuları yalnız Azərbaycan kimi iqtisadiyyatı möhkəm özüllər üzərində qurulmuş dövlətlər ərsəyə çatdıra bilərlər.
Dövlətimizin başçısı da “Qarabağ” dayaq blokunun dənizə yola salınmasını çox əlamətdar hadisə adlandırdı. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu nəhəng qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edildiyini və bu gün artıq dənizə yola salındığını bildirdi. Dövlətimizin başçısı özülün üst hissəsinin də vaxtında tikiləcəyinə və “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağına əminliyini ifadə etdi.
Bu qurğu Xəzər dənizində Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunan ən böyük platformadır. Bu platformanın reallaşdırılması bir daha təsdiqlədi ki, respublikamız artıq investisiya və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Belə layihələrin uğurlu icrası Azərbaycanın nəhəng enerji layihələrini reallaşdırmaqla Avrasiyanın yeni xəritəsini tərtib edir.
Bu gün vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıtmağımızın böyük rəmzi mənası var. Bu, o deməkdir ki, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”.