İDMAN
"Qəbələ" ilk yoxlama oyunu keçirib
Bakı, 24 iyun, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, "Qəbələ”nin rəqibi Albaniyanın "Kukesi” klubu olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 79-cu dəqiqədə Stiven Jozef-Monroz açıb. Lakin "qırmızı-qaralar" oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə qələbəni əldən veriblər: Albaniya təmsilçisi bərabərlik qolunu vuraraq, məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, "Kukesi" 2017-2018-ci il mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion "Skenderbeu" danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına "ağ-göylər" yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta "Valletta"sını üstələməyi bacarsa, növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. Amma bunun üçün Azərbaycan təmsilçisi də Sloveniya "Olimpiya"sını keçməlidir.
Digər tərəfdən, hazırda "qırmızı-qaralar"ın heyətində yer alan Rauf Əliyev ötən mövsümün ilk yarısını məhz "Kukesi"də keçirib.