MƏDƏNİYYƏT


"Qəhrəmanlıq əbədi yaşayır" adlı videoçarx şəhid Pərvin Təhməzova həsr edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında şəhid Pərvin Təhməzov haqqında "Qəhrəmanlıq əbədi yaşayır" adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.

Pərvin Təhməzov 1997-ci il yanvarın 22-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub. Bu müddətdə bir çox medallara layiq görülüb. Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra 2020-ci il iyulun 13-də hərbi xidmətə yollanıb. Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Pərvin Təhməzov Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə başçısının Sərəncamı ilə Pərvin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.