"Qırmızı kitab"ın üçüncü nəşrinə bundan əvvəlki nəşrlərdəki bəzi növlər daxil edilməyib
AzerTAg.az

Bakı, 23 may, AZƏRTAC
“Qırmızı kitab”ın yeni nəşri zamanı Türkiyə, Rusiya, Avropa ölkələrinin təcrübəsindən yararlandıq. Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin alimləri tərəfindən Azərbaycanda təlim kursları keçirildi. Bunlar da kriteriya və kateqoriyaların dəqiq müəyyənləşdirilməsinə çox kömək etdi.
Nəşr iki dildədir: Azərbaycan və ingilis. Beynəlxalq ekspertlərin də rəyi var. Onlar da çox yüksək dəyərləndirirlər. Çalışmışıq ki, maksimum orijinal şəkillər olsun.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova jurnalistlərə müsahibəsində deyib.
İ.Hüseynova qeyd edib ki, üçüncü nəşrdə bundan əvvəlki nəşrdən fərqli olaraq işğaldan azad edilmiş ərazilərdə də tədqiqat işləri, monitorinqlər aparıldı: "Qırmızı kitab"a həmin ərazilərdən də müəyyən növlər daxil edildi. Xüsusilə Şuşa, Kəlbəcər, Zəngilan, Füzuli, Laçında olan monitorinqləri qeyd etmək istərdim.
"Qırmızı kitab"a növlər daxil olunarkən sayı və arealları nəzərə alınır. Əgər sayı və arealları çox ciddi azalırsa onu "Qırmızı kitab"a daxil edirik. Digər tərəfdən kitabın birinci və ikinci nəşrində olan bəzi növlər qırmızı siyahıdan çıxarılaraq çəhrayı siyahıya daxil edilib. Çünki onların areallarında və saylarında bərpa prosesinin getdiyi müşahidə olunub. Hətta elə növlər var ki, ilk iki nəşrə daxil edilsə də, 50-60 ildir heç bir yerdə təsadüf olunmayıb. Onları üçüncü nəşrə daxil etmədik. Çünki növ 50 ildən artıq bir müddətdə rast gəlinmirsə, onu "Qırmızı kitab"da saxlamağın mənası yoxdur.
Növbəti kitabın 2033-cü ildə nəşr edilməsi nəzərdə tutulub. Çalışacağıq ki, növbəti nəşr daha da yaxşı olsun. Dördüncü nəşrdə yeni ideyalar təqdim etmək niyyətindəyik".
Xəbərin mətnində orfoqrafik səhv var